24 Şubat 2018 Cumartesi

Bütün Xalqlar iqtidarlardan güclüdür

Hər kəs "Mən də varam" deyə bilsə...

Qısa müddət əvvəl Bakıda idim. Ölkədəki vəziyyətdən uzun- uzadı yazmağa ehtiyac duymuram. Çünki, siz vəziyyəti məndən daha yaxşı bilirsiniz.

Bakıdakı son günümdə görüşdüyüm dostlardan biri belə bır ifadə işlətdi: “Məhsul" Stadionunda mitinqə çıxmaqla dəyişkilik olacağına inanmışdıq". Açığı, bir neçə mitinqlə dəyişiklik olacağına inanmağı sadəlövhlük hesab edirəm. Ancaq bu etirazlar hər şeyi dəyişməsə də, çox şeyi dəyişdirdi. Ən əsası ölkədəki bu qədər təzyiqlərə, təqiblərə, təhdidlərə rəğmən insanların qətiyyən ruhdan düşməməsinin səbəbi həmin mitinqlər oldu. Əgər problem kəmiyyətdirsə, demək istəyirəm ki, əslində bu da qətiyyən problem deyil. Çünki mitinqlərdə iştirak edən insan sayı 9- 10 mindən aşağı deyil. Bir anlıq düşünün ki, ölkədə müstəqil mətbuat qalmayıb, azad söz məhv edilib, müxalifyönlü saytlar bloklanıb, 150-dən artıq insan siyasi baxışlarına görə həbs edilib və yeganə mübarizə platforması kimi sosial şəbəkələr qalıb.Belə bir ölkədə 10 minlik mitinq etmək, avtoritarizmə müqavimət göstərmək, etiraz ruhunun ölməsinə imkan verməmək olduqca əhəmiyyətlidir.

Misir inqilabı zamanı (Hərçənd ki, inqilab yarımçıq qaldı) əsas aktivistlərdən biri olan Wael Ghonim "heç kəs qəhraman deyildi, çünki hər kəs bir qəhrəman idi. Hamımız inqilab üçün nələrsə etməyə,  Misir üçün bir şeyləri qurban verməyə hazır idik".

Bir şeyə inanmalıyıq ki, xalqın gücü  iqtidarın gücündən üstündür. Ölkəmizi xilas etmək üçün hərəkətə keçmək vaxtıdır. Ölkəmiz heç  zaman olmadığı qədər acınacaqlı vəziyyətdədir.  Bunları görmək o qədər də çətin deyil. Bu xalqa illər öncə itirdiyi azadlıq havasını, demokratiya qoxusunu yenidən dadızdırmaq lazımdır və bunu biz edəcəyik. Hər gün bu xalqı kiçildirlər. Çünki hakimiyyət hələ də xalqın planlarını görmür. Xalq hansı gücə malik olduğunu isbat  etməlidir.  Ölkədəki vəziyyəti dəyişmək üçün hər şeyi siyasi partiyalardan, siyasətçilərdən  gözləməməliyik. Hər birimiz bir təşkilatçı, bir qəhraman olmalıyıq. Çünki bizim xəyallarımız var. Çünki biz o xəyalları həyata keçirtmək istəyirik.

İnanıram ki, xaqlın etiraz potensialının hansı məkanda olmasının əhəmiyyəti yoxdur. Xalqın etirazı "Məhsul" stadioundan da məhsul verə bilər. Əsas odur ki, ayaqda olaq, ölkəmizə sahib çıxaq, taleyimizə biganə qalmayaq. Bütün bəhanələri arxivə göndərib, meydanlardan "mən də varam" deyə bilməliyik.

12 Ocak 2016 Salı

İntihar çarə deyil

Azərbaycanda intihar halların artması hər birimizə məlumdur. Ümumilikdə isə bu prosses bütün dünyada artan xətlə davam edir. İntiharların artması qlobal problemdir. İntihar halarının çox olduğu ölkələrə diqqət yetirsək görərik ki, ön sıralarda dayanan ölkələr iqtisadi baxımdan son dərəcə inkişaf etmiş ölkələrdir. İntiharların səbəbləri müxtəlif olsa da, onları ümumən iki böyük kategoriyaya bölmək mümkündür: motivi mənəvi olan intiharlar və maddi sıxıntıların səbəb olduğu intiharlar.
Azərbaycanda baş verən intihar hallarının səbəbləri isə əsasən ikinci kategoriyaya aiddir.Mən də bu yazıda ikinci kategoriyaya daxil olan intiharlara toxunacam.
Son aylarda xüsusiilə bankların soyğunçu faizlərlə verdikləri kreditləri ödəyə bilmədikləri üçün intihar edən vətəndaşlarımızın sayı artıb. Manatın boğulmasından sonar ölkədəki vəziyyət göz önündədir. İnsanlar onları dinləyən, dərdlərinə şərik olacaq bir qurum, təşkilat olmadığından, etiraz etmə hüquqları əlindən alındığından çarəni intihar etməkdə görürlər.
Bəs intihar etmək çıxış yoludurmu?
“Bir Qəpiksiz qalmaqdan o qədər çox danışdınız ki, buyurun! Bir qəpiksiz qaldınız, ama hələ də ayaqdasınız”!
George Orwellin “Paris və Londonda qara qəpiksiz” əsərindən bir sitatdır bu. Yazar bu möhtəşəm əsərdə 1930- cu illərdə yaşadığı inanılmaz çətinliklərdən danışıb. İşsizlik, evsizlik, bəzən günlərlə davam edən aclığa rəğmən həyata bir ucundan tutunmaq istəyi.
Yazarın çəkdiyi əziyyətlərin, yaşadığı məhrumiyyətlərin heç də bank  kreditlərini ödəyə bilməyən vətəndaşlardan az olmadığını göstərmək üçün, həmin əsərdən nümunələr vermək istəyirəm. Yazar deyirki, yoxsulluğun ilk günləri ən çətin olanıdır.
“Birdən- birə yoxsullaşdığınız üçün, buna inanmaq istəmirsiniz. Özünüzü hər gün apardığınız kimi aparmaq istəyirsiniz. Buna görə də yoxsulluq sizi ilk andan yalanlar dünyasına daşıyır”.
Daha sonra qeyd edir ki, yarım kilo çörək almaq üçün girdiyi mağazada işləyən satıcının ondan öncəki müştəriyə “düşünürəm ki, 50 qram artıq olmağı sizin üçün problem olmaz, elə deyilmi, cənab” dediyini eşidib və bunun onun da başına gələcəyi təqdirdə, əlavə 50 qramın qarşılığında ödəyəcək pulu olmadığı üçün mağazadan təşvişlə uzaqlaşmaq məcburiyyətində qaldığı vaxtlar olub. Həftələrlə ac qalıb. Bəzən gecələmək üçün heç bir yeri olmayıb.
George Orwell bu əsərində bütün bu çətinliklərə baxmayaraq bir dəfə də intihar haqqında düşünmədiyini qeyd edir.
İntihar haqqında düşünməyə başladığınızdan son ana qədər geri dönmək üçün imkanınız var. İntihar böhrandan xilas olmaq üçün çarə deyil. Çarə düşünməkdir. Əsl düşünüləsi sual isə kölə olmağı və kölə olaraq ölməyi niyə qəbullandığımızdır. İntihar çarə deyil. Çarə həmin anda öz-özünə azad bir insan olduğunu dərk etdirməkdir. İntihar çarə deyil. Çarə mübarizə aparmaqdır. Olduğun hər yerdə,  gördüyün bütün ədaləsizliklərə qarşı mübarizə aparmaqdır . İntihar çarə deyil. Çarə təşkilatlanmaqdır. Təşkilatlanıb vətəni quldurlardan xilas etməkdir . İntihar çarə deyil. Çarə, bizi intihara sürükləyənləri,  istefa verməyə  məcbur etməkdir.
Bəli, bu gün ölkəmizdə intihar hallarının sürətlə artması mövcud hakimiyyətin “intihar toxumu” əkməsinin nəticəsidir. Biz bu zay toxumları çıxarıb, əvəzinə cəsarət toxumu əkməliyik. İntihar etmək, intihar istehsal edən hakimiyyətə köməklik göstərmək rejimin ömrünü uzatmaqdı. Ona görə də özümüzü öldürmək üçün kəndir axtarmağa yox, şərin kəndirini kəsməyə köklənməliyik.

13 Haziran 2015 Cumartesi

Aslan İsmayılova açıq məktub!


Cənab hüquqşünas, sizə səslənirəm


Hörmətli Aslan bəy! Sizin "Birinci Avropa Oyunları"nın açılış mərasimi ilə bağlı  yazdığınız yazıdan sonra, sizə belə bir məktub yazmağı özümə borc bildim.

 Cənab İsmayılov! Siz yazınızda qeyd edirsiniz ki, yarışlar boyunca səhifələrinizdə neqativ heç nə paylaşmayacaqsınız. Yazacağınız yazılar insanların əhval ruhiyyəsinin xoş olmasına xidmət edəcək. Sizə də elə gəlmirmi ki, hansısa bivecin, özünü düşünməkdən başqa bir şey bilməyənlərin əhval ruhiyyəsini xoş etməkdənsə, xalqın əksəriyyəti olan müxalif düşərgənin, haqqı tapdanan insanların, günahsız yerə həbsdə yatan 100 dən çox ləyaqətli insanın əhval ruhiyyəsini xoş tutmaq daha məqsədə uyğundur?

 Milli Şuranın mitinqlərindən birində çıxışınız zamanı bildirmişdiniz ki, 2010 cu ildə parlament seçkilərində sizin səsinizi oğurlayıblar. İndi sizin borcunuz deyilmi bu səslərin oğurlanmamsı, seçkilərin demokratik və şəffaf keçməsi üçün çalışan Anar Məmmədlinin hüquqlarını müdafiə etmək,  ümumilikdə bütün peşə fəaliyyətinə görə həbs edilmiş insanları avropalılara tanıtmaq, onların azadlığı üçün kampaniyalar aparmaq? Axı siz həm də hüquqşünasız.

 Yazmısınız ki, hamınızdan xahiş edirəm olimpiadanın uğurlu keçməsi üçün əlimizdən gələni edək. Mən əminəm ki, sizin həmkarınız, bu gün həbsdə olan, ləyaqət nümunəsi İntiqam Əliyev sizin yerinizdə olsaydı, olimpiadanın uğurlu keçməsi üçün yox, günahsız yerə həbsdə olan Xədicə İsmayılın, Leyla Yunusun, İlqar Məmmədovun, Seymur Həzinin, Hacı Talehin müdafiəsi və azadlığı üçün bizlərdən nəsə xahiş edərdi. Xaqın cibindən oğurlanan milyardların havaya sovrulmasının "uğuru" onu düşündürməzdi.

 Daha sonra açılışı "möhtəşəm" olaraq qiymətləndirmisiniz. "Möhtəşəm" olan Rəşadət Axundovun 2 yaşlı oğlunu istədiyi zaman öpə bilməməsidir. Daha "möhtəşəmi"  Tofiq Yaqublunun qızının son anlarında onun yanında ola bilməməsidir. Möhtəşəm olan Elvin Abdullayevin anasının ləyaqət nümunəsi göstərməsidir.

 Daha sonra isə möhtəşəmliyi "Sarı Gəlinə", "Qobustana" bağlayırsınız. Açığı mən sizin yerinizə utandım. Ona görə utandım ki,  57 yaşlı savadlı bir hüquqşünas da cinlə şeytanı qarışıq salır. Amma 21 yaşlı Elvin Abdullayev bunları dərk etdiyi üçün, "narkoman" damğası ilə həbsdədir.

 Cənab İsmayılov! Sizdən xahiş edirəm ki, bu oğru hakimiyyəti vəziyyətdən çıxartmaq üçün heç kimdən xahiş etməyin.
Unutmayın ki, bu "möhtəşəm" oyunlardan sonra ölkə vətəndaşına divan tutulacaq. Qiymətlər qalxacaq, vicdanlı insanlar təqib olunacaq, milli valyuta ikinci dəfə qiymətdən düşəcək, təhsil, səhiyyə daha da bərbad vəziyyətə yuvarlanacaq və.s

Çox təəssüf ki, xalqın bədbəxtliyi üzərində qurulmuş xoşbəxtlikdə "möhtəşəmlik" axtarırsınız. Birdə ki, 8 milyardlıq israfçılıqdan sonra nə gözləyirdiniz? Bəlkə palatka toyu olmalıydı. Bizə 23 illik hüzr mərasimlərindən sonra,  açılış mərasimi lazım deyil.  Bizə ədalət, şəffaflıq, söz azadlığı, həqiqi inkişaf lazımdır.

Amma bir halda ki, qərar vermisiniz, o zaman şər qüvvələrin "xeyir işi"ni  "raskrutka" edə bilərsiniz





9 Haziran 2015 Salı

Türkiyədəki seçkilərə sözardı

Türkiyə, ölkə və orta şərq üçün əhəmiyyətli sayılan tarixi seçimi geridə buraxdı. Xalq və bütün siyasi partiyalar bu seçkidən alnının ağı ilə çıxdı. Yaşanan xırda problemlərin xaricində, seçkinin nəticəsinə təsir edən heç bir qayda pozuntusuna rastlanmadı. Sevgi, barış və ən önəmlisi demokratiya qələbə qazandı. Bu tarixi seçkilərdə yaşadığım ərazinin seçim sandığının başında müşahidəçi kimi durmaq imkanım oldu. İcazənizlə müşahidə etdiklərimi sizinlə bölüşmək istəyirəm.

Səs vermə 8:00 da başlandı. Müşahidəçilər və "Yüksek Seçim Kurulu" üzvləri saat 6:00 dan etibarən iş başında olmalı idi. Kurulun 6 üzvü var idi. Bunlardan biri müstəqil, biri CHP- çi, biri AKP- çi, biri dövət məmuru, biri HDP- çi, sandıq başqanı isə MHP- çi idi. Müşahidəçilər isə 4 nəfərdən ibarət idi. Bunlardan biri müstəqil (yəni mən), biri AKP- çi, digər ikisi isə HDP- çi idi. Hər şey plan üzrə gedirdi. Kurulun üzvləri seçkinin nəticəsini saxtalaşdırmayacaqlarına və ədaləli olacaqlarına and içdikdən sonra seçicilər öz seçimiini etmək üçün məntəqəyə gəlməyə başladılar.

Seçimin bitməsinə 1 saat qalmış, məntəqənin həyətində dayanan dövlət qeydiyyat nömrə nişanı olmayan minik avtomobilinin seçki qutularını aparmaq üçün gəldiyini dedilər. Bundan sonra partiyalar tərəfindən təyin edilmiş vəkillər və polisin birgə səyi nəticəsində avtomobil məntəqədən uzaqlaşdırıldı. Diqqət çəkən məqamlardan biri isə bundan dərhal sonra oldu. Vəkillər otaqlara girərək müşahidəçiləri xəbərdar edirdilər ki, ayıq- sayıq olmaq vaxtıdır. Deyilənə görə Suriyalı ərəblərə səs vermək üçün şərait yaradılıb. Bunun qarşısını almağın tək yolu isə seçkinin son bir saatında səs vermək üçün gələn hər bir vətəndaşın şəxsiyyətini təsdiq edən sənədinin seriya nömrəsinə diqqət yetirməkdir. Əgər bu seriya 9 la başlayırsa deməli onun səs vermək hüququ yoxdur və seçici siyahısına əlavə edilməsi qanunsuzdur. Ancaq belə bi hadisəyə də raslanılmadı.

Seçki bitdi. 2177 nömrəli məntəqədə səs vermək hüququ olan 374 nəfərdən 300- ü öz seçimini etmişdi. Müşahidəçilərin hüzurunda sandıqlar açıldı və səslər sayılmağa başlandı. Nəticələrə görə 300 seçicinin 94- ü AKP- yə, 90- nı CHP- yə, 33- ü MHP- yə, 27- si HDP- yə etimad etmişdi. 25 bülleten isə 1 dən çox yerə möhür basıldığı üçün keçərsiz sayıldı. Digər səslər isə xırda partiyalar və müstəqil namizədlərə verimişdi. Sonda bütün bülletenlər öncədən "YSK" tərəfindən verilmiş parça kisəyə yığılaraq ağzı möhürləndi və məntəqə üzvlərinin iştirakı ilə "Seçim Kurulu Başkanlığı"na yola düşdü.

 Seçkilərdə mənim diqqətimi çəkən məqam yaşlısı ilə, gənci ilə, əlili ilə, sağlamı ilə, xalqın öz səsisə sahib çıxmaq istəyi, öz gələcəyini, taleyini özünün yazmaq arzusu oldu.
 
Bu seçkilərdə qoşa bülletenlərin atılmasını, müxalifətçi müşahidəçilərə təzyiqlər edilməsini, karusel əməliyyatlarını görmədim. Heç müəllimlərin, həkimlərin, bələdiyyə işçilərinin seçki saxtakarlığına cəlb edilməsi də müşahidə olunmadı.
 
Bir anlıq 2010-cu ildə ölkəmizdə keçirilmiş parlament seçkilərini xatırladım. Həmin seçkidə AXCP sədri Əli Kərimli 27 məntəqinin 22-də rəsmən qələbə qazanmışdı. Amma MSK-nın “sehrbaz”lığı nəticəsində qələbə digər namizədə verildi. Türkiyədə isə hamının gördüyü və bildiyi həqiqətləri bu qədər kobudluqla gizlətmək mümkün deyil.

Bu ölkədə seçki dəfn edilməyib və vətəndaş əmindir ki, səsinin böyük önəmi var. Öz ölkəmizdə də belə seçkinin keçiriləcəyi günlər uzaqda deyil. Yetər ki, biz öz səsimizə, öz gələcəyimizə sahib çıxaq, səsimizi və gələcəyimizi qoruyaq!

11 Nisan 2015 Cumartesi

Bizi Kimlər Xəstələndirir?

İlham Əliyev müşavirədəki nitqində bildirdi ki, ölkəyə gətirilən dərmanların keyfiyyətsiz və baha olması dözülməz haldır. Ona görə də bu sahəyə xüsusi diqqət ayırdığını qeyd etdi. Nə qədər qəribə görünsə də, ölkə başçısının dərmanlar haqqında səsləndirdiyi fikirlər həqiqətdir. Ölkəyə idxal olunan dərmanlar keyfiyyətsiz olduğu qədər də bahadır. Əsas məsələ bundan sonra başlayır. Prezident deyib ki, dərman pereparatlarının bazarı nəzarətdən çıxıb. Əvvəla, bu ölkədə gəlir gətirən heç bir sahə hakimiyyətin nəzarətindən kənarda qala bilməz. Ucqar bir kənddə balaca dükan işlədən vətəndaş da nəzarətdədir. Ölkəyə gətirilən bütün məhsullar məmurların monapoliyasındadır. Bu ölkədə nəzarətdən çıxan yalnız ədalətdir, hüquqdur, qanundur. Digər tərəfdən Azərbaycanda hər adam lisenziya alıb ölkəyə dərman idxal edə bilməz. Çünki dərman monopoliyası hakim ailənin nəzarətindədir. Dərman dünyada ən gəlirli biznes sahələri sırasında silah və narkotikdən sonra üçüncü sırada dayanır. Azərbaycana dərman idxalının 90 faizi 4 şirkətin- Riyad, Avromed, Certus və AzəriMed şirkətlərinin arasında bölünüb. İndi gəlin bu şirkətlərin kimlərə aid olduğuna baxaq. Avromed- Cəlal Paşayev (Mehriban Əliyevanın əmisi oğlu) AzəriMed- Cəmil Əliyev (Prezidentin dayısı kimi tanınır. Milli onkologiya mərkəzinin direktorudur) Certus- Oqtay Şirəliyev (Səhiyyə Naziri) Riyad- İlqar Əliyev (İlham Əliyevin əmisi oğlu) Göründüyü kimi bu şirkətlər hamısı prezident ailəsinə məxsusdur.
Son aylarda dövlət apteklərində olan vəziyyət hamıya məlumdur. Apteklərin böyük əksəriyyəti şirkətlərin dərman satışını dayandırmasından gileylənir. Səbəb kimi isə qiymətlərin qalxacağını göstərirlər. Hətta bəzi apteklər adi yara bandı almaqda çətinlik çəkdiklərini deyirlər. Belə bir reallıqda “Avis Tibbi Marketlər Şəbəkəsi”ndə bütün dərmanları tapmaq mümkün olur. Ancaq dövlət apteklərindən ən azı 2-3 dəfə, bəzi hallarda isə 5-6 dəfə baha qiymətə. Onlar dərmanların qiymətinin baha olmasını preparatları özlərinin Türkiyədən idxal etməsi ilə əlaqələndirirlər. Üstəlik qeyd edirlər ki, dövlət apteklərində olan dərmanların tərkbi dəyişdirilir və keyfiyyətsiz, effeksiz vəziyyətə gətirilir. Kiçik bir araşdırmadan sonra məlum oldu ki, dövlət apteklərində 130- 135, Avis Tibbi Marketlər şəbəkəsində 170 manat olan və Azərbaycanda ən çox satılan dərmanlar siyahısında dayanan “Roqam” dərman preparatı Türkiyədə 181 türk lirəsi, yəni, 72 manatdır. Avis isə birbaşa Əliyevin nəzarətində olduğu halda ölkəyə dərmanı necə idxal edir, burası çox müəmmalıdır. İlham Əliyev dərman preparatlarının qiymətlərinin tənzimlənməsi ilə bağlı fərman imzalayıb. Gözləyin və görün. Sizə ucuz dərman verəcəklər, üstündə də bonus olaraq, dərd. Hər şey nəzarətdədir.