24 Şubat 2018 Cumartesi

Bütün Xalqlar iqtidarlardan güclüdür

Hər kəs "Mən də varam" deyə bilsə...

Qısa müddət əvvəl Bakıda idim. Ölkədəki vəziyyətdən uzun- uzadı yazmağa ehtiyac duymuram. Çünki, siz vəziyyəti məndən daha yaxşı bilirsiniz.

Bakıdakı son günümdə görüşdüyüm dostlardan biri belə bır ifadə işlətdi: “Məhsul" Stadionunda mitinqə çıxmaqla dəyişkilik olacağına inanmışdıq". Açığı, bir neçə mitinqlə dəyişiklik olacağına inanmağı sadəlövhlük hesab edirəm. Ancaq bu etirazlar hər şeyi dəyişməsə də, çox şeyi dəyişdirdi. Ən əsası ölkədəki bu qədər təzyiqlərə, təqiblərə, təhdidlərə rəğmən insanların qətiyyən ruhdan düşməməsinin səbəbi həmin mitinqlər oldu. Əgər problem kəmiyyətdirsə, demək istəyirəm ki, əslində bu da qətiyyən problem deyil. Çünki mitinqlərdə iştirak edən insan sayı 9- 10 mindən aşağı deyil. Bir anlıq düşünün ki, ölkədə müstəqil mətbuat qalmayıb, azad söz məhv edilib, müxalifyönlü saytlar bloklanıb, 150-dən artıq insan siyasi baxışlarına görə həbs edilib və yeganə mübarizə platforması kimi sosial şəbəkələr qalıb.Belə bir ölkədə 10 minlik mitinq etmək, avtoritarizmə müqavimət göstərmək, etiraz ruhunun ölməsinə imkan verməmək olduqca əhəmiyyətlidir.

Misir inqilabı zamanı (Hərçənd ki, inqilab yarımçıq qaldı) əsas aktivistlərdən biri olan Wael Ghonim "heç kəs qəhraman deyildi, çünki hər kəs bir qəhrəman idi. Hamımız inqilab üçün nələrsə etməyə,  Misir üçün bir şeyləri qurban verməyə hazır idik".

Bir şeyə inanmalıyıq ki, xalqın gücü  iqtidarın gücündən üstündür. Ölkəmizi xilas etmək üçün hərəkətə keçmək vaxtıdır. Ölkəmiz heç  zaman olmadığı qədər acınacaqlı vəziyyətdədir.  Bunları görmək o qədər də çətin deyil. Bu xalqa illər öncə itirdiyi azadlıq havasını, demokratiya qoxusunu yenidən dadızdırmaq lazımdır və bunu biz edəcəyik. Hər gün bu xalqı kiçildirlər. Çünki hakimiyyət hələ də xalqın planlarını görmür. Xalq hansı gücə malik olduğunu isbat  etməlidir.  Ölkədəki vəziyyəti dəyişmək üçün hər şeyi siyasi partiyalardan, siyasətçilərdən  gözləməməliyik. Hər birimiz bir təşkilatçı, bir qəhraman olmalıyıq. Çünki bizim xəyallarımız var. Çünki biz o xəyalları həyata keçirtmək istəyirik.

İnanıram ki, xaqlın etiraz potensialının hansı məkanda olmasının əhəmiyyəti yoxdur. Xalqın etirazı "Məhsul" stadioundan da məhsul verə bilər. Əsas odur ki, ayaqda olaq, ölkəmizə sahib çıxaq, taleyimizə biganə qalmayaq. Bütün bəhanələri arxivə göndərib, meydanlardan "mən də varam" deyə bilməliyik.

Hiç yorum yok: