9 Haziran 2015 Salı

Türkiyədəki seçkilərə sözardı

Türkiyə, ölkə və orta şərq üçün əhəmiyyətli sayılan tarixi seçimi geridə buraxdı. Xalq və bütün siyasi partiyalar bu seçkidən alnının ağı ilə çıxdı. Yaşanan xırda problemlərin xaricində, seçkinin nəticəsinə təsir edən heç bir qayda pozuntusuna rastlanmadı. Sevgi, barış və ən önəmlisi demokratiya qələbə qazandı. Bu tarixi seçkilərdə yaşadığım ərazinin seçim sandığının başında müşahidəçi kimi durmaq imkanım oldu. İcazənizlə müşahidə etdiklərimi sizinlə bölüşmək istəyirəm.

Səs vermə 8:00 da başlandı. Müşahidəçilər və "Yüksek Seçim Kurulu" üzvləri saat 6:00 dan etibarən iş başında olmalı idi. Kurulun 6 üzvü var idi. Bunlardan biri müstəqil, biri CHP- çi, biri AKP- çi, biri dövət məmuru, biri HDP- çi, sandıq başqanı isə MHP- çi idi. Müşahidəçilər isə 4 nəfərdən ibarət idi. Bunlardan biri müstəqil (yəni mən), biri AKP- çi, digər ikisi isə HDP- çi idi. Hər şey plan üzrə gedirdi. Kurulun üzvləri seçkinin nəticəsini saxtalaşdırmayacaqlarına və ədaləli olacaqlarına and içdikdən sonra seçicilər öz seçimiini etmək üçün məntəqəyə gəlməyə başladılar.

Seçimin bitməsinə 1 saat qalmış, məntəqənin həyətində dayanan dövlət qeydiyyat nömrə nişanı olmayan minik avtomobilinin seçki qutularını aparmaq üçün gəldiyini dedilər. Bundan sonra partiyalar tərəfindən təyin edilmiş vəkillər və polisin birgə səyi nəticəsində avtomobil məntəqədən uzaqlaşdırıldı. Diqqət çəkən məqamlardan biri isə bundan dərhal sonra oldu. Vəkillər otaqlara girərək müşahidəçiləri xəbərdar edirdilər ki, ayıq- sayıq olmaq vaxtıdır. Deyilənə görə Suriyalı ərəblərə səs vermək üçün şərait yaradılıb. Bunun qarşısını almağın tək yolu isə seçkinin son bir saatında səs vermək üçün gələn hər bir vətəndaşın şəxsiyyətini təsdiq edən sənədinin seriya nömrəsinə diqqət yetirməkdir. Əgər bu seriya 9 la başlayırsa deməli onun səs vermək hüququ yoxdur və seçici siyahısına əlavə edilməsi qanunsuzdur. Ancaq belə bi hadisəyə də raslanılmadı.

Seçki bitdi. 2177 nömrəli məntəqədə səs vermək hüququ olan 374 nəfərdən 300- ü öz seçimini etmişdi. Müşahidəçilərin hüzurunda sandıqlar açıldı və səslər sayılmağa başlandı. Nəticələrə görə 300 seçicinin 94- ü AKP- yə, 90- nı CHP- yə, 33- ü MHP- yə, 27- si HDP- yə etimad etmişdi. 25 bülleten isə 1 dən çox yerə möhür basıldığı üçün keçərsiz sayıldı. Digər səslər isə xırda partiyalar və müstəqil namizədlərə verimişdi. Sonda bütün bülletenlər öncədən "YSK" tərəfindən verilmiş parça kisəyə yığılaraq ağzı möhürləndi və məntəqə üzvlərinin iştirakı ilə "Seçim Kurulu Başkanlığı"na yola düşdü.

 Seçkilərdə mənim diqqətimi çəkən məqam yaşlısı ilə, gənci ilə, əlili ilə, sağlamı ilə, xalqın öz səsisə sahib çıxmaq istəyi, öz gələcəyini, taleyini özünün yazmaq arzusu oldu.
 
Bu seçkilərdə qoşa bülletenlərin atılmasını, müxalifətçi müşahidəçilərə təzyiqlər edilməsini, karusel əməliyyatlarını görmədim. Heç müəllimlərin, həkimlərin, bələdiyyə işçilərinin seçki saxtakarlığına cəlb edilməsi də müşahidə olunmadı.
 
Bir anlıq 2010-cu ildə ölkəmizdə keçirilmiş parlament seçkilərini xatırladım. Həmin seçkidə AXCP sədri Əli Kərimli 27 məntəqinin 22-də rəsmən qələbə qazanmışdı. Amma MSK-nın “sehrbaz”lığı nəticəsində qələbə digər namizədə verildi. Türkiyədə isə hamının gördüyü və bildiyi həqiqətləri bu qədər kobudluqla gizlətmək mümkün deyil.

Bu ölkədə seçki dəfn edilməyib və vətəndaş əmindir ki, səsinin böyük önəmi var. Öz ölkəmizdə də belə seçkinin keçiriləcəyi günlər uzaqda deyil. Yetər ki, biz öz səsimizə, öz gələcəyimizə sahib çıxaq, səsimizi və gələcəyimizi qoruyaq!

Hiç yorum yok: