12 Ocak 2016 Salı

İntihar çarə deyil

Azərbaycanda intihar halların artması hər birimizə məlumdur. Ümumilikdə isə bu prosses bütün dünyada artan xətlə davam edir. İntiharların artması qlobal problemdir. İntihar halarının çox olduğu ölkələrə diqqət yetirsək görərik ki, ön sıralarda dayanan ölkələr iqtisadi baxımdan son dərəcə inkişaf etmiş ölkələrdir. İntiharların səbəbləri müxtəlif olsa da, onları ümumən iki böyük kategoriyaya bölmək mümkündür: motivi mənəvi olan intiharlar və maddi sıxıntıların səbəb olduğu intiharlar.
Azərbaycanda baş verən intihar hallarının səbəbləri isə əsasən ikinci kategoriyaya aiddir.Mən də bu yazıda ikinci kategoriyaya daxil olan intiharlara toxunacam.
Son aylarda xüsusiilə bankların soyğunçu faizlərlə verdikləri kreditləri ödəyə bilmədikləri üçün intihar edən vətəndaşlarımızın sayı artıb. Manatın boğulmasından sonar ölkədəki vəziyyət göz önündədir. İnsanlar onları dinləyən, dərdlərinə şərik olacaq bir qurum, təşkilat olmadığından, etiraz etmə hüquqları əlindən alındığından çarəni intihar etməkdə görürlər.
Bəs intihar etmək çıxış yoludurmu?
“Bir Qəpiksiz qalmaqdan o qədər çox danışdınız ki, buyurun! Bir qəpiksiz qaldınız, ama hələ də ayaqdasınız”!
George Orwellin “Paris və Londonda qara qəpiksiz” əsərindən bir sitatdır bu. Yazar bu möhtəşəm əsərdə 1930- cu illərdə yaşadığı inanılmaz çətinliklərdən danışıb. İşsizlik, evsizlik, bəzən günlərlə davam edən aclığa rəğmən həyata bir ucundan tutunmaq istəyi.
Yazarın çəkdiyi əziyyətlərin, yaşadığı məhrumiyyətlərin heç də bank  kreditlərini ödəyə bilməyən vətəndaşlardan az olmadığını göstərmək üçün, həmin əsərdən nümunələr vermək istəyirəm. Yazar deyirki, yoxsulluğun ilk günləri ən çətin olanıdır.
“Birdən- birə yoxsullaşdığınız üçün, buna inanmaq istəmirsiniz. Özünüzü hər gün apardığınız kimi aparmaq istəyirsiniz. Buna görə də yoxsulluq sizi ilk andan yalanlar dünyasına daşıyır”.
Daha sonra qeyd edir ki, yarım kilo çörək almaq üçün girdiyi mağazada işləyən satıcının ondan öncəki müştəriyə “düşünürəm ki, 50 qram artıq olmağı sizin üçün problem olmaz, elə deyilmi, cənab” dediyini eşidib və bunun onun da başına gələcəyi təqdirdə, əlavə 50 qramın qarşılığında ödəyəcək pulu olmadığı üçün mağazadan təşvişlə uzaqlaşmaq məcburiyyətində qaldığı vaxtlar olub. Həftələrlə ac qalıb. Bəzən gecələmək üçün heç bir yeri olmayıb.
George Orwell bu əsərində bütün bu çətinliklərə baxmayaraq bir dəfə də intihar haqqında düşünmədiyini qeyd edir.
İntihar haqqında düşünməyə başladığınızdan son ana qədər geri dönmək üçün imkanınız var. İntihar böhrandan xilas olmaq üçün çarə deyil. Çarə düşünməkdir. Əsl düşünüləsi sual isə kölə olmağı və kölə olaraq ölməyi niyə qəbullandığımızdır. İntihar çarə deyil. Çarə həmin anda öz-özünə azad bir insan olduğunu dərk etdirməkdir. İntihar çarə deyil. Çarə mübarizə aparmaqdır. Olduğun hər yerdə,  gördüyün bütün ədaləsizliklərə qarşı mübarizə aparmaqdır . İntihar çarə deyil. Çarə təşkilatlanmaqdır. Təşkilatlanıb vətəni quldurlardan xilas etməkdir . İntihar çarə deyil. Çarə, bizi intihara sürükləyənləri,  istefa verməyə  məcbur etməkdir.
Bəli, bu gün ölkəmizdə intihar hallarının sürətlə artması mövcud hakimiyyətin “intihar toxumu” əkməsinin nəticəsidir. Biz bu zay toxumları çıxarıb, əvəzinə cəsarət toxumu əkməliyik. İntihar etmək, intihar istehsal edən hakimiyyətə köməklik göstərmək rejimin ömrünü uzatmaqdı. Ona görə də özümüzü öldürmək üçün kəndir axtarmağa yox, şərin kəndirini kəsməyə köklənməliyik.

Hiç yorum yok: