13 Haziran 2015 Cumartesi

Aslan İsmayılova açıq məktub!


Cənab hüquqşünas, sizə səslənirəm


Hörmətli Aslan bəy! Sizin "Birinci Avropa Oyunları"nın açılış mərasimi ilə bağlı  yazdığınız yazıdan sonra, sizə belə bir məktub yazmağı özümə borc bildim.

 Cənab İsmayılov! Siz yazınızda qeyd edirsiniz ki, yarışlar boyunca səhifələrinizdə neqativ heç nə paylaşmayacaqsınız. Yazacağınız yazılar insanların əhval ruhiyyəsinin xoş olmasına xidmət edəcək. Sizə də elə gəlmirmi ki, hansısa bivecin, özünü düşünməkdən başqa bir şey bilməyənlərin əhval ruhiyyəsini xoş etməkdənsə, xalqın əksəriyyəti olan müxalif düşərgənin, haqqı tapdanan insanların, günahsız yerə həbsdə yatan 100 dən çox ləyaqətli insanın əhval ruhiyyəsini xoş tutmaq daha məqsədə uyğundur?

 Milli Şuranın mitinqlərindən birində çıxışınız zamanı bildirmişdiniz ki, 2010 cu ildə parlament seçkilərində sizin səsinizi oğurlayıblar. İndi sizin borcunuz deyilmi bu səslərin oğurlanmamsı, seçkilərin demokratik və şəffaf keçməsi üçün çalışan Anar Məmmədlinin hüquqlarını müdafiə etmək,  ümumilikdə bütün peşə fəaliyyətinə görə həbs edilmiş insanları avropalılara tanıtmaq, onların azadlığı üçün kampaniyalar aparmaq? Axı siz həm də hüquqşünasız.

 Yazmısınız ki, hamınızdan xahiş edirəm olimpiadanın uğurlu keçməsi üçün əlimizdən gələni edək. Mən əminəm ki, sizin həmkarınız, bu gün həbsdə olan, ləyaqət nümunəsi İntiqam Əliyev sizin yerinizdə olsaydı, olimpiadanın uğurlu keçməsi üçün yox, günahsız yerə həbsdə olan Xədicə İsmayılın, Leyla Yunusun, İlqar Məmmədovun, Seymur Həzinin, Hacı Talehin müdafiəsi və azadlığı üçün bizlərdən nəsə xahiş edərdi. Xaqın cibindən oğurlanan milyardların havaya sovrulmasının "uğuru" onu düşündürməzdi.

 Daha sonra açılışı "möhtəşəm" olaraq qiymətləndirmisiniz. "Möhtəşəm" olan Rəşadət Axundovun 2 yaşlı oğlunu istədiyi zaman öpə bilməməsidir. Daha "möhtəşəmi"  Tofiq Yaqublunun qızının son anlarında onun yanında ola bilməməsidir. Möhtəşəm olan Elvin Abdullayevin anasının ləyaqət nümunəsi göstərməsidir.

 Daha sonra isə möhtəşəmliyi "Sarı Gəlinə", "Qobustana" bağlayırsınız. Açığı mən sizin yerinizə utandım. Ona görə utandım ki,  57 yaşlı savadlı bir hüquqşünas da cinlə şeytanı qarışıq salır. Amma 21 yaşlı Elvin Abdullayev bunları dərk etdiyi üçün, "narkoman" damğası ilə həbsdədir.

 Cənab İsmayılov! Sizdən xahiş edirəm ki, bu oğru hakimiyyəti vəziyyətdən çıxartmaq üçün heç kimdən xahiş etməyin.
Unutmayın ki, bu "möhtəşəm" oyunlardan sonra ölkə vətəndaşına divan tutulacaq. Qiymətlər qalxacaq, vicdanlı insanlar təqib olunacaq, milli valyuta ikinci dəfə qiymətdən düşəcək, təhsil, səhiyyə daha da bərbad vəziyyətə yuvarlanacaq və.s

Çox təəssüf ki, xalqın bədbəxtliyi üzərində qurulmuş xoşbəxtlikdə "möhtəşəmlik" axtarırsınız. Birdə ki, 8 milyardlıq israfçılıqdan sonra nə gözləyirdiniz? Bəlkə palatka toyu olmalıydı. Bizə 23 illik hüzr mərasimlərindən sonra,  açılış mərasimi lazım deyil.  Bizə ədalət, şəffaflıq, söz azadlığı, həqiqi inkişaf lazımdır.

Amma bir halda ki, qərar vermisiniz, o zaman şər qüvvələrin "xeyir işi"ni  "raskrutka" edə bilərsiniz





Hiç yorum yok: